ABŞ-da həyəcan təbili - koronavirus qaçılmazdı
26.02.2020
ABŞ-da yeni tip koronavirusun yayılması qaçılmazdır və əhali buna hazır olmalıdır.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) xəbərdarlıq edib.
CDC-nin rəsmi internet saytında dərc olunan xəbərə görə, ABŞ-da təsbit edilmiş 53 "Covid-19” diaqnozu var.
Epidemiya ilə bağlı son durumu dəyərləndirən CDC Milli Peyvənd və Tənəffüs Yolu Xəstəlikləri Mərkəzinin direktoru Nensi Messonier bildirib ki, artıq suallar epidemiyanın yayılıb-yayılmayacağı ilə bağlı yox, nə zaman yayılacağı ilə bağlı qoyulmalıdır.
ABŞ Senatında təşkil edilən toplantıda Donald Tramp Administrasiyasının koronavirus ilə mübarizəsi məsələsinə dair bilgi verən Birləşmiş Ştatların səhiyyə və sosial xidmətlər naziri Aleks Azar epidemiyada federal və yerli səhiyyə işçiləri üçün 300 milyon üz maskasına və xəstəxanalar üçün əlavə havatəmizləyicilərə ehtiyac olduğunu bildirib.