Türkiyə Rusiya üçün öz səmasını bağladı - FOTO
21.02.2020
Türkiyə Rusiya hərbi təyyarələri üçün öz səmasını qapadıb.
Axar.az xəbər verir ki, bu məlumat Teleqramdakı "Zapiska Oxotnika” kanalında yerləşdirilib. İddiaya görə, Rusiya Ankaradan öz hava məkanını Suriyaya uçuş həyata keçirəcək Tu-154 və iki ədəd Su-24 təyyarələri üçün açmasına izn istəyib. Ankaranın buna rədd cavabı verməsindən sonra Rusiya hərbi təyyarələri Xəzər dənizi, İran və İraq ərazisindən istifadə edərək, Suriyaya uçub.
Teleqram kanalında bu vəziyyətin iki ölkə arasında vəziyyəti daha da gərginləşdirəcəyi haqqında məlumat yerləşdirilib. Belə ki, Moskvanın Ankaranın bu addımına Türkiyə hərbi konvoyları və patrulları üçün yolları bağlamaq, eləcə də Türkiyənin İdlib və Hələbdəki blok-postlarının təchizatını dayandırmaqla cavab verə biləcəyi vurğulanıb.
Qeyd edək ki, fevralın 3-dən bu yana Əsəd rejimi və ona bağlı qüvvələrin gerçəkləşdirdiyi hücumlar nəticəsində Türkiyənin 14 əsgəri və 1 mülki şəxsi həlak olub. Üstəlik dünən şəhid olan 2 türk əsgərinin ölümünə məhz Rusiyanın Su-25 təyyarələrinin bombardmanının səbəb olduğu müəyyən edilib.