Vətəndaşlar qida məhsulunu yoxlatdıra bilərlər
21.02.2020
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) növbəti "Açıq qapı” günü keçirilib. Tədbirdə vətəndaşlar, bir sıra ictimai təşkilatlar və qida sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, "Açıq qapı” gününün keçirilməsində məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ictimai nəzarət mexanizminin gücləndirilməsi, vətəndaşların prosesdə aktiv iştirakının təmin edilməsidir.
AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı məlumat verib ki, hazırda İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar fəaliyyət göstərir. Seçilmiş potensiallı kadrlar təlimlərə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.
Bildirib ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Həmçinin, vətəndaşlar tərkibi və keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu İnstitutun beynəlxalq tələblərə cavab verən laboratoriyalarında yoxlatdıra bilərlər.
"Açıq qapı” gününün iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyinin təbliği istiqamətində həyata keçirilən bu tədbirin maariflənmə baxımından əhəmiyyətini xüsusi vurğulayıb və görüşə görə təşəkkürlərini bildiriblər.