Bakıda daha 2 nəfər xəstəxanaya yerləşdirildi - koronavirusla bağlı
19.02.2020
Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya daha 2 nəfər yerləşdirilib.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin məlumatında bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.
Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.