Ölkəmizdə nümunəvi pilot dönərxanalar yaradılır
13.02.2020
Azərbaycanda bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan nümunəvi pilot dönərxanalar fəaliyyət göstərəcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Süfrə MMC yaradılacaq:
"MMC-nin əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq etmək olacaq. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər.
Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək. Layihə çərçivəsində ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq. 39 rayonda 40 kəsim məntəqəsi yaradılması nəzərdə tutulub. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir”.