Azərbaycanda yol polisi də qaydaları pozdu - VİDEO
13.02.2020
Azərbaycanda yol-patrul xidmətinin əməkdaşlarının və sürücünün qaydaları kobud şəkildə pozmasının görüntüləri sosial şəbəkədə yayımlanıb.
Xəbər verildiyi kimi, videoda sutkanın qaranlıq vaxtında yol polisi əməkdaşlarının yük avtomobilini saxlaması əks olunub.
"Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə qanunda göstərilib ki, yol polisi sutkanın qaranlıq vaxtında nəqliyyat vasitəsinin dayandırılması məqsədilə yolun işıqlı sahəsini seçməli, bu mümkün olmadığı halda patrul nəqliyyatının xarici işıq siqnallarından istifadə etməklə yanaşı, qırmızı və ya göy sayrışan işıq siqnalını işlək vəziyyətdə saxlamalıdır. Yol-patrul xidmətinin əməkdaşları bu qanuna riayət etsələr də, hərəkətin digər iştirakçılarını nəzərə almayıblar.
Belə ki, yol polisi avtomobili və yük maşını üfüqi nişanlama xətti olan yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat iştirakçılarının hərəkətinə birbaşa mane olub.
Digər tərəfdən, videodan görünür ki, yük avtomobilinin sürücüsü yol polisinin saxlama tələbindən sonra maşını tərk edib və YPX avtomobilində əyləşmiş polis əməkdaşları ilə söhbət edib. Bu da qanun pozuntusudur.
Sürücü nasazlığı aradan qaldırmaq üçün, içkili olması şübhələri varsa, sürücünün iştirakı ilə qeydiyyat nişanı və məlumatların tutuşdurulması lazım olduqda, şəxsə və ya avtomobilə baxış keçirilən zaman, digər hərəkət iştirakçılarına kömək məqsədi və ya digər porsessual iştirak vacib olarsa və inspektorun həyatına təhlükə yaranarsa, avtomobili tərk etməlidir.