Türkiyənin erməni deputatı türkləri təhqir etdi
18.05.2018
TBMM-in Xalqların Demokrat Partiyasından (HDP) olan erməni əsilli deputatı Karo Paylana qarşı Cinayət Məcəlləsinin 301-ci maddəsi (türk dövləti və millətini təhqir) ilə iş qaldırılıb.
"Dövran Media" xəbər verir ki, Ankara Baş Prokurorluğunun Parlamentar Cinayətləri Araşdırma Bürosu buna səbəb kimi deputatın qondarma erməni soyqırımı ilə bağlı ifadələrini göstərib. Paylanın "Türkiyə Cümhuriyyəti, Türkiyə hökumətini alçaltma və prezidentinə təhqir” ittihamları ilə millət vəkili toxunulmazlığının ləğv edilməsi üçün TBMM-ə müraciət edilib.
Cinayət işi Paylanın Kanadada yayımlanan "Horizon Vikli” adlı qəzetə verdiyi müsahibədə "Türkiyədə soyqırım edilib və hələ də bu soyqırım davam edilir” ifadələrinə görə prokurorluğa şikayət edən Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Attarın ərizəsi əsasında başladılıb.
Attarın ərizəsində erməni deputatın türk xalqına qarşı düşmən mövqeyini ifadə edən digər bir çıxışına da yer verilib:
"Bir zamanlar yüzə qırx idik. Bu gün mində birik. Hər halda başımıza bir iş gəldi, mən bunun adına soyqırım deyirəm. Erməni xalqı başına nə gəldiyini çox yaxşı bilir. Bir zamanlar atamın, babamın başına nə gəldiyini çox yaxşı bilirəm. Adını siz qoyun o zaman. Biz yox kimiyik, mində birə düşmüşük”.
Xatırladaq ki, professorun şikayəti əsasında hələ ötən ilin dekabrında araşdırma başladılsa da, Ankara Prokurorluğu 301-ci maddə əsasında iş qaldırılması üçün icazənin Ədliyyə Nazirliyinin sərəncamında olmasına görə nazirlikdən icazə istəmişdi.