Trampla ÇXR sədri arasında koronavirus müzakirəsi
07.02.2020
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında telefon danışığı olub.
ÇXR sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla yeni növ koronavirusla (2019-nCoV) mübarizə tədbirlərini müzakirə edib.
Si Cinpin bildirib ki, ÇXR hökuməti və xalqı koronavirusla mübarizə üçün əlindən gələni edir və epidemiyanın qarşısınaı almaq üçün ən qətiyyətli addımlar atır.
ÇXR sədri əlavə edib ki, bu xəstəlik Çinin iqtisadi inkişafını ləngitməyə qadir deyil: "Çində uğurlu iqtisadi inkişafın uzunmüddətli tendensiyası dəyişə bilməz",- deyə o vurğulayıb.
Çin hökumətinin epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlərin artıq açıq müsbət nəticələr verdiyini qeyd edən Si Cinpin, "Virusu məğlub edəcəyimizə tam əminik. Bunun üçün hər şeyimiz var", -deyə əlavə edib.
Ağ Evin sözçüsünün yaydığı məlumatda qeyd olunur ki, Prezident Tramp, Çinin gücünə və yeni növ koronavirusa qarşı mübarizədə dayanıqlığına inandığını ifadə edib: "Hər iki lider tərəflər arasında geniş rabitə və əməkdaşlığı davam etdirməyə razılıq veriblər", - deyə Ağ Evin sözçüsünün məlumatında bildirilir.