Müharibədən 78 il sonra qovuşdular - VİDEO
06.02.2020
Bir-birindən ayrı düşən bacılar 78 il sonra qovuşublar.
"HaberGlobal”ın xəbərinə görə, bacılar İkinci Dünya Müharibəsi vaxtı ayrı düşüblər.
1942-ci ildə Stalinqrad döyüşü zamanı tank istehsal edən zavodun bombalanması zamanı orada işləyən 13 yaşlı Julia və bacısı - 15 yaşlı Rosalina təxliyə olunarkən fərqli istiqamətlərə aparılıblar.
Onlar 78 il ərzində heç vaxt əlaqə saxlaya bilməyiblər. Bir-birindən məlumat ala bilməyən bacılar doğmasının öldüyünü zənn ediblər.
Onlardan biri Rusiyanın Çelyabinsk vilayətinə, digəri isə Özbəkistana göndərilib. 78 il sonra isə bir polis əməkdaşının köməkliyi ilə bacılar görüşə biliblər.
Hazırda 93 yaşı olan Rosalina 2014-cü ildə müharibə zamanı bir-birini itirən şəxslərin qovuşması üçün yaradılan "Gözlə məni” adlı internet saytında bacısı haqqında elan verib. Bu elanı isə 91 yaşlı Julianın nəvəsi görüb və bu barədə nənəsinə məlumat verib. Sonra polisə müraciət edilib və arxiv sənədləri əsasında aparılan araşdırma zamanı onların bacı olduğu dəqiqləşib. Daha sonra bacılar Çelyabinskdə Rosalinanın evində görüşüblər.