Çindən gələn azərbaycanlılar xəstəxanaya yerləşdirildi
04.02.2020
Bu gün üçün 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yoluxucu xəstəliklər şöbəsinə beş nəfər yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilib:
"Bunlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd-keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımi yardım göstərilir.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur”.
Qeyd edək ki, yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.