Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasınının XXII turunun mərkəzi qarşılaşmasını idarə edib.
Xəbər verildiyi kimi, beynəlxalq görüşləri ədalətli idarə etməsi ilə tanınan hakimimiz Yunanıstan çempionatında vaxtı ilə Bakıya gəlmiş iki komandanın – "Panasinaikos” və PAOK-un görüşlərində referilik edib.
Paytaxt Afinada keçirilən görüşdə Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olub. Bu görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Lakin onun idarəçiliyində də nöqsan olub. Belə ki, 33 yaşlı referi PAOK-un müdafiəçisi Dimitris Yanulisin Afina klubunun macarıstanlı futbolçusu Dominik Nacın ayağını tapdalamasına heç bir reaksiya göstərməyib.
Bundan başqa, "Panasinaikos”un vurduğu qolu Ağayev əvvəlcə sayıb. Lakin videotəkrara baxıldıqdan sonra qolun əllə vurduğu müəyyənləşib və qol ləğv olunub.
O, ikinci hissənin əvvəlində qonaqların qapısına Xristos Donisə qarşı edilmiş kobudluğa görə penalti təyin edib. Penaltidən qolu isə "Mançester Yunayted”in sabiq italiyalı hücumçusu Federiko Makeda qola çevirib. Tasos Xatziyovanis isə 56-cı dəqiqədə hesabı 2:0 edib.
Həmçinin, Əliyar Ağayev hər iki tərəfin bir oyunçusuna sarı vərəqə göstərib. Qonaqlardan Dimitris Limnyos (58-ci dəqiqə) və meydan sahiblərindən Axilleas Punquras (61-ci dəqiqə) cəzalandırılıb. Bu məğlubiyyətlə PAOK turnir cədvəlinin lideri mövqeyini "Olimpiakos”a təhvil verməli olub.