Pekin ABŞ bəyanatlarını yersiz hesab edir
01.02.2020
Rəsmi Pekin ABŞ rəsmilərinin öz vətəndaşlarının Çinə səfərlərdən çəkinmək barədə fikirlərini tənqid edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin ABŞ rəsmilərinin sözlərinin xoşməramlı niyyətə söykənmədiyini deyib.
Çin rəsmisi virusla bağlı vəziyyət barədə ölkəsinin şəffaf və yüksək məsuliyyətlə dünya ictimaiyyətini, o cümlədən Birləşmiş Ştatları mütəmadi olaraq məlumatlandırdığını deyib. "Çox sayda ölkə Çinə müxtəlif istiqamətlərdə dəstək təklif ediblər. Bundan fərqli olaraq, ABŞ-ın bəzi rəsmilərinin bəyanatları və hərəkətləri nə faktlara əsaslanır, nə də yerinə düşür. Dünya Səhiyyə Təşkilatının Çinə səyahət məhdudiyyətlərindən imtina etməyi tövsiyə etməsinə baxmayaraq, ABŞ əks yolla getməyə tələsdi. Əlbəttə ki, bu, xoşməramlı jest deyil”,- deyə Xua Çunyin bildirib.
Qeyd edək ki, yanvarın 30-da ABŞ Dövlət Departamenti koronavirusun yayılması ilə əlaqədar Çinə səfərlər barədə vətəndaşlarına ən yüksək səviyyədə xəbərdarlıq edib. Həmin gün ABŞ-ın Ticarət naziri Uilbur Ross koronavirusun yayılmasının iş yerlərinin Çindən ABŞ-a qaytarılmasını sürətləndirəcəyini deyib.