Şeyxə medal verildi
28.01.2020
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə təhsil nazirinin müavini Firudin Qurbanovu qəbul edib.
QMİ-dən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun səmimi salamlarını Şeyxülislam həzrətlərinə yetirən Firudin Qurbanov diqqətə çatdırıb ki, nazirin əmri ilə QMİ sədri "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Nazirin tapşırığı ilə medalı Şeyxülislam həzrətlərinə təqdim edən qonaq məlumat verərək bildirib ki, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı elm və təhsildə böyük uğurlar əldə edən, bu sahələrin inkişafına töhfə verən insanlara verilir. "Mən bir müddət BDU-nun rektoru vəzifəsini müvəqqəti icra edərkən belə bir yubiley medalının hazırlanması işlərinə başladıq. Çox şadam ki, bu gün həmin medalı Sizə təqdim etməyi cənab nazir məhz mənə həvalə etdi”-deyən nazir mavini Şeyxülislam həzrətlərinin fəaliyyətini yüksək dəyərləndirib: "Müstəqilliyimizin bərpasında və Azərbaycan dövlətçiliyinin qorunmasında Sizin müstəsna xidmətləriniz var. Ən gərgin və mürəkkəb zamanlarda bir dini lider olaraq Siz həmişə xalqın və dövlətin yanında olmusunuz. Bu günlərdə 20 Yanvar hadisələrinin 30 illiyini qeyd etdik, tariximizin qürur və qəhrəmanlıq səhifələrindən olan həmin hadisələr zamanı Sizin prinsipial mövqeyiniz, xalqı birləşdirə bilmək bacarığınız bu gün də gözlərimizin önündədir. Xalqımız bu xidmətinizi həmişə qiymətləndirib və bundan sonra da qiymətləndirəcək”.
F.Qurbanov QMİ sədrinin elmi fəaliyyətinə də toxunub, uzun illər BDU-nun professoru kimi yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini qeyd edib.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə yubiley medalı ilə təltif etdiyinə görə nazir Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib, təhsil sahəsində son zamanlar aparılan islahatların müsbət nəticələr verəcəyinə inandığını bildirib: "Təhsil hər bir xalqın gələcəyidir. İslam dini də elm öyrənməyə, savad almağa təşviq edir, çünki elmsiz, cahil adam Allahını da tanımaz. Biz övladlarımıza, gənclərimizə düzgün təhsil verə bilməsək bunu başqa qüvvələr edəcək və gələcəkdə bundan da dövlətimiz və xalqımız böyük ziyan çəkə bilər. Ona görə də Təhsil Nazirliyinin üzərinə mühüm və şərəfli bir missiya düşüb. Azərbaycan Prezidenti İlham Əliyev həzrətləri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilimizin inkişafına hər zaman xüsusi diqqət ayırırlar. İnanıram ki, nazir başda olmaqla Təhsil Nazirliyinin kollektivi, pedaqoji sahədə çalışanlar qarşıya qoyulan mühüm tapşırıqların icrası üçün həmişə olduğu kimi, gələcəkdə də böyük səy göstərəcəklər inşallah”.
Uzun illik fəaliyyəti dövründə 70-dən çox ölkənin və beynəlxalq təşkilatın orden, medalları ilə təltif olunduğunu xatırladan Şeyxülislam Allahşükür Paşazadə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb: "Ali təhsilimizin flaqmanı sayılan BDU-nun 100 illik yubileyi həqiqətən də böyük bir hadisə oldu. Görkəmli alimlər bu təhsil ocağında çalışıblar, xalqımız üçün yüksək ixtisaslı kadrlar hazırlayıblar. Bu ali məktəbin kollektivi mənə də doğmadır. Çünki professor kimi burada çalışmışam, gələcəkdə də bilik və təcrübəmi bölüşməyə hazıram”.
Şeyxülislam həzrətləri son illər QMİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlər və elmi-praktiki konfranslar haqqında məlumat verib.
Görüşdə QMİ sədrinin müavini Rəşad Əliyarlı iştirak edib.