Norveç iflic olub
23.01.2020
Qarlı fırtına nəticəsində yaranmış küləkli və buzlu hava şəraiti Norveçin şimalında bir sıra əyalətləri iflic edib.
Şiddətli qar fırtınaları krallığın bəzi yaşayış məntəqələri ilə əlaqənin kəsilməsinə səbəb olmaqla yanaşı, yolların bağlanması, adalararası bərə gedişlərin və təyyarə uçuşların dayandırılmasına səbəb olub.
Belə ki, Norveçin uzaq şimalında yerləşən Finnmark bələdiyyəsində yerli və şəhərlərarası əhəmiyyətə malik 30-a yaxın yolda hərəkət qar səbəbindən tamamilə dayandırılıb. Bildirilir ki, nəticədə regionda yerləşən bir neçə yaşayış məntəqəsi ilə əlaqə tam kəsilib, bu məntəqələrə, hətta təcili yardım və yanğından mühafizə maşınlarının əlverişsiz hava şəraiti və yolların keçirilməz hala düşməsi səbəbindən fəaliyyət göstərə bilmir. Eyni zamanda fırtına nəticəsində yanmış küləyin də bir neçə yerdə dağıntılara səbəb olması və ölkədəki hava şəraiti ilə əlaqədar rekord sayda yol qəzaları qeydə alınması öz növbəsində vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, Norveçdə böyük əhəmiyyətə malik hava nəqliyyatının kəskin hava şəraiti səbəbindən gecikmələrlə işlədiyi, habelə Trömsö, Buda və Trondhaym şəhərlərində uçuşların müvəqqəti dayandırıldığı bildirilir.