MTRŞ sədri ödənişli efir vaxtından danışdı
16.01.2020
Seçki prosesinin işıqlandırılmasında 12 ümumrespublika yayımçısının və 12 yerli yayımçının iştirak etmək hüququ var. Azərbaycan Dövlət Televiziyası qanunun tələbinə uyğun olaraq seçkiqabağı təbliğat-təşviqat kampaniyasında iştirak edə bilməz.
Bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirdiyi tədbirdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
N.Məhərrəmli İTV-nin seçki prosesi zamanı əsas, aparıcı qurumlardan birinə çevrildiyini deyib:
"Onlar bu prosesə ödənişli və ödənişsiz əsasəlarla qoşulmaq hüququna malikdir. Bəzən biz İTV-nin müəyyən etdiyi ödənişli efir vaxtının qiymətinin yüksək olması barədə fikirlər eşidirik. Hazırda İTV-nin müyyən etdiyi qiymət bir saniyə üçün minimun 22, maksimum 65 manatdır. Bu, normal bir qiymətdir və mövcud reklam qiymətlərinə uyğunlaşdırılıb. Məsələ ondadır ki, yayımçılar, o cümlərən ictimai yayımla məşğul olan bu televiziya bu prosesə fürsət kimi baxır. Onların 12 dəqiqə ərzində seçki prosesinin işıqlandırılmasından əldə edəcəkləri gəlir digər reklam qiymətlərindən aşağı olduqda bu prosesdə iştirak etmək istəmirlər. Hesab edirəm ki, namizədlər bunu nəzərə almalıdırlar. İTV bu prosesdə fəal iştirak etməlidir”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, son parlament seçkilərində mediada yol verilən pozuntu prosesləırinin faizi 60-70 faiz aşağı olub:
"Yəqin ki, 9 fevral seçkisi də bu mənzərə ilə yadda qalacaq. Mətbuat Şurası seçki prosesi zamanı monitorinq aparmağı planlaşdırır. Mediada yayılan materiallar diqqətdə saxlanılacaq. Onların Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları ilə nədərəcədə uyğun olduğu yoxlanılacaq”.