21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı polisindən sürücülərə XƏBƏRDARLIQ

13.01.2020

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qeyri-sabit hava şəraiti ilə bağlı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər:
"Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman təhlükə yaranarsa, sürücü bundan yayına bilsin. Bəzən sürücülər hava şəraitini nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin "Yol hərəkəti haqqında" qanuna əsasən, yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

V.Əsədov deyib ki, belə hava şəraitində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməli, nəqliyyat vasitəsini avtomobilin texniki xarakteristikasına uyğun idarə etməlidir: "Əgər sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar. Sürücülərimizdən bir daha sadaladığım qaydalara riayət etmələrini xahiş edirəm".