Saakaşvili Tiflisi silkələdi: Ölkə təşvişdə
13.05.2018
Keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdacağı barədə xəbərdarlığından sonra ölkə daxilində ilginc proseslər cərəyan etməyə başlayıb. Georgi Kvirikaşvilinin başçılıq etdiyi hökumət kənardan sakitmiş kimi görünür.
Lakin Eduard Şevardnadze kimi nəhəngi devirən Saakaşvilinin Tiflisə qayıtmaq ehtimalı hakimiyyət daxilində ikitirəlilik yaradıb.
"Dövran Media" xəbər verir ki, Gürcüstan KİV-i ayın 12-dən paytaxtda ictimai vəziyyətin gərginləşməsini təsadüfi hesab etmir. Düzdür, iki gündür davam edən etirazlar gecə klublarında narkotiklər əleyhinə reydlərə görədir, amma mənbələr prosesin özünə siyasi çalar əlavə edəcəyini istisna etmirlər.
"Mixal Saakaşvilinin qayıdacağı barədə anonsu hökuməti daha ehtiyatlı addımlar atmağa məcbur edir. Bu, bir sıra məsələlərlə bağlı daha radikal qərarların verilməsinə gətirib çıxarıb. Məsələn, Tiflis və bir sıra iri şəhələrdə ictimai yerlərdə mülki geyimli təhlükəsizlik xidməti əməkdaşları və polislər əvvəllər az-az gözə dəyirdisə, indi onların əlindən tərpənmək mümkün deyil. Hakimiyyət Saakaşvilinin gizli qiyam hazırlamasından şübhələnir. Bu barədə hakimiyyət strukturlarının əlində kəşfiyyat məlumatlarının olduğu bir qədər şübhəli ehtimal olsa da, Tiflis ehtiyatı əldən vermək istəmir”, - deyə gürcü mənbələr qeyd edirlər.