Bakıda çirklənmiş göl quruduldu
11.01.2020
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib.
Bunu Trend-ə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, ərazidə ətraf mühitin yaxşılaşdırılması üçün tədbirlər TAİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən həyata keçirilib:
"Aparılmış tədqiqatlar nəticəsində genişmiqyaslı metodologiya hazırlanıb. Bu metodologiya əsasında torpaqların rekultivasiyası və remidasiya işləri görülüb, kollektor-drenaj şəbəkəsi çəkilib və ərazidə ekoloji vəziyyət yaxşılaşdırılıb. Artıq ərazidəki ekoloji gərginlik aradan qaldırılıb”.
Ə.Quliyev əlavə edib ki, ETSN ilə TAİ arasında bağlanan müqaviləyə əsasən, Suraxanı rayonu keçmiş Yod-brom zavodu ərazisində neft və neft məhsulları ilə çirklənmiş 43 hektar sahə qurudulub, ərazi tamamilə yaşıllaşdırılıb. Qalan 100 hektar sahənin ekoloji cəhətdən yaxşılaşdırılması üçün hazırlanan təkliflər ETSN-ə təqdim edilib.