ABŞ-dan İrana şərtsiz təklif
10.01.2020
Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi Nümayəndəsi Kelly Kraft, gərginliyin artmasının qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyə daha da təhlükə yaratmamaq üçün İrana "şərtsiz danışıqlar" təklif edib.
Xəbər verildiyi kimi, BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik ilə bağlı iclasında Kraft iranlı general Qasim Süleymaninin öldürülməsini "qanuni müdafiə" adlandırıb.
Kraftın sözlərinə əsasən, ABŞ rəhbərliyi İran və İranın dəstəklədiyi hərbçilərin son zamanlar bölgədəki maraqları səbəbindən ABŞ qüvvələrinə qarşı etdikləri hücumların müqabilində "müdafiə" tədbiri görərək, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, ölkəsini "qanuni müdafiə" edib.
Kraft İran və xalqı üçün rifah və gözəl gələcək istədiklərini vurğulayıb: "ABŞ bunu istəyən hər kəs ilə əməkdaşlıq etməyə hazırdır".
"ABŞ beynəlxalq sülh və təhlükəsizliyin risk altında olması və İran rejiminin gərginliyi artırmasının qarşısını almaq üçün İranla qeyd-şərtsiz, ciddi danışıqlara hazırdır", - deyə o, BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.