BALAYAR SADİQ - Hərflərin hərifi
09.01.2020
Hərflərin hərifi
(neo-poema)
İmadəddin Nəsiminin 650 illiyinə
1
Səslər uçub
qonurdu
hərflərin dodağına…
Titrəyirdi göy üzü
ilk öpüşdən
uçunan
bakirə yanaq kimi…
Bir sözün ətrindən
qapısı gülümsəyirdi
on səkkiz min aləmin…
Mələklərin alnından
öpürdü qələm.
Kəbənin üzündəki
qara xal nazlanırdı…
2
Yollar ləpələnirdi
sükut əlifbası tək…
Hərflərin həyasından
əcəl yaşmaq tuturdu
mərifət yollarında…
3
Bir eşq misalıydı
rəqəmlərin payızı…
Səhraların könlündə
bir dərviş üşüyürdü…
Əsirdi vəhdət küləyi
ayrılığın
yanağı allanırdı…
4
"Dörd” yerdən çatlamışdı
heyrət güzgüsü
"Beş”lərin işığında
"Altı” naxış gülürdü…
Hər naxışın
Otuz iki” ilməsi "
quş dili” öyrənirdi…
5
Cahanın
Nəsimi vaxtıydı…
Üzündə Həvva çiçəkləmişdi
Adəmin…
6
"Yeddi” rəng
danışırdı
"İyirmi səkkiz” ləçəkdə…
7
"Məqtə”dən
"mətlə”yəcən,
Pünhan-pünhan
yaddaş damcılayırdı gələcəkdən…
8
İndi
ümidləri mərmi qoxulu
Hələb şəhərinin
göz yaşlarını silir "Ağrımaz” qəzəli –
sən keçdiyin küçələr boyu…
9
Zamanın əlləri
mərmi-mərmi yarpaqlay
Hələb küçələrində…
"Ənəlhəqq” sözünün
yaddaşını
misra-misra soymaq
"pünhana xoşdur, yaxşıdır”.
10
Min Kəbə ziyarətidir
bir hərfin
könlünü almaq…
Bir "Xeybər”in fəthidir
min hərifi
könlünə almaq…
11
"Quran”ın ovcuna
dağılmış sözlər
hansı ziyarətdən
gəlir?!
Barmağını dişləyir
həqiqət…
12
Mərmilərin alnında
bayraq-bayraq
dalğalanır "Ənəlhəqq” sözü…
Sən o sözün
hansı hərfindəsən? – sorusur
bir doluxsunmuş dərviş…
13
"Qibləgah”dan
"Səcdəgah”a gedən yolun
ayağını qan aparırdı…
Qan bu yolu
heyran-heyran aparırdı… 14
Alınlardan
üçub gedən yazıların
arxasınca
əl edən hərflərin
göz yaşını
səndən başqa
oxuyan olmadı…
15
Ruhunda
rəqəmlərin təbəssümüdür
ölümün dadı.
16
Adamlardan
yıxılırdı Allah,
Allahdan
adam-adam
yıxılırdı rəqəmlər,
səslər, hərflər…
17
Hərflərdən yıxılırdı
əlifbalar, dövranlar
dərvişlər…
Hər dərvişin dilində
bakirə bir "Ənəlhəqq” sözü
üşüyürdü üzü qibləyə.
18
Sən o sözün içindən
keçib gedirdin
hər gün
könlündəki
göyərçinlərə
misra səpməyə…
19
Hələ də
bir quşun dimdiyində
bir misra çırpınır…
20
Hər gecə mələklər
uçub gəlir
o misranın qoxusuna…
Hərflər hər gecə
daş atır
o misranın içindəki
Sözün yuxusuna… 21
Beyt-beyt əsir
Sözün nəsimi
və sənin əynində
nimdaş xatirədir
rəqəmlərin köynəyi…
22
Hələb küçələri
sənin dodağında
intihar edən misraya
salavat çəkir hələ də…
23
650 ildir
Allahdan yıxılırsan,
Allaha yıxılırsan…
Qarışqalar qibləyə
daşıyır səsini…
24
Yuxusunu qarışdırıb rəqəmlər…
Eşqdə güzgülənir
bir dərviş…
Qapsını açıq qoyub
həqiqətin…
25
"Allahu-Əkbər” yollarının
yaxasına qonub
"Ənəlhəqq” nidası…
Gülümsəyir minarələr
bir dərviş dodağındakı
şehli həqiqətlərə…
26
Varaqlar üstə
səcdəyə
durub eşq…
Qələm
həyadan qaldırmır
başını…
27
Kərbəla çöllərini
qoltuğuna vurub
hardan gəlir,
bu dodağı qurumus
"Ənəlhəqq” sözü?
28
Allahın
kövrələn vaxtıdır…
Misralar utandığından
hərflərin üzündə
gizlədir
Allahın göz yaşını…
Hərflər susur…
sən danış…
və
bir misra təzələ
Sözün yaddaşını…