21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İnzibatçılıq təkmilləşdirilir

09.01.2020

2020-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədlərindən biri də əlavə dəyər vergisi (ƏDV) inzibatçılığının təkmilləşdirilməsidir.

Vergilər Nazirliyindən bildirilib ki, dəyişikliyə qədər mövcud olan qaydalar ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunan bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirirdi və bu, vergiödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Bir çox hallarda isə təqdim edilən malların, işlərin, xidmətlərin tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və ya 30 gündən sonra ödənildiyi hallarda) satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu hal vergiödəyicisinin müvafiq dövr üzrə maliyyə yükünü artırmış olurdu.

Bununla bağlı Vergi Məcəlləsinə edilən dəyişiklər ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergiödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır.

Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyasında ƏDV inzibatçılığının, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtı təqdim edilən mala (işə, xidmətə) görə pul vəsaitinin vergiödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsinə qərar verilib. ƏDV tutulan əməliyyatın vaxtı müxtəlif əməliyyatlar üzrə aşağıdakı qaydada müəyyənləşdirilir:

Nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt – bu zaman satıcı təqdim etdiyi malın (işin, xidmətin) ƏDV-siz dəyərini əldə etdiyi vaxt ƏDV hesablayıb ödəməlidir.

Misal: "A" MMC yanvar ayında "B" MMC-yə mal satır. "B" MMC malın dəyərini fevral ayında ödəyir. Bu zaman "A" MMC əldə olunan vəsaiti fevral ayının ƏDV bəyannaməsinə daxil edərək ƏDV-ni hesablayır.

Qarşılıqlı hesablaşmalar aparılan zaman ƏDV tutulan əməliyyatın vaxtı öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt sayılır. Vergi ödəyiciləri qarşılıqlı surətdə bir-birinə mal (iş, xidmət) təqdim edilməsindən yaranan hesablaşmalarını (öhdəliklərini) qarşılıqlı olaraq ləğv etdikləri (əvəzləşdirdikləri) halda bu zaman öhdəliyin qarşılıqlı ləğv edildiyi vaxt hər iki tərəf üçün ƏDV tutulan əməliyyatın vaxtıdır.

Malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt – bu maddənin müddəaları təqdim edilən mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı olmasını müəyyən edir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir.

• müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir;

• vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir;

• tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

• natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt: təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Misal 1: "A" MMC "B" MMC-yə bağlanmış müqaviləyə əsasən, 2020-ci ilin yanvar ayında məsləhət xidməti göstərir. "B" MMC göstərilən xidmətlərin dəyəri müqabilində mart ayında "A" MMC-yə balansında olan avtonəqliyyat vasitəsini verir (natura formasında ödəniş edir). Bu zaman, "A" MMC üçün ƏDV tutulan əməliyyatın vaxtı mart ayı hesab edilir.

Barter əməliyyatları zamanı isə ƏDV tutulan əməliyyatın vaxtı aktivlərin barter edildiyi, yəni aktivlərin mübadiləsi prosesinin başa çatdığı vaxtdır.

Misal 2: "A" MMC ilə "B" MMC arasında bağlanmış barter müqaviləsinə əsasən, "A" MMC balansında olan avadanlığı 2020-ci ilin yanvarında "B" MMC-yə təqdim edir. "B" MMC isə 2020-ci ilin martında balansında olan avtonəqliyyat vasitəsini "A" MMC-yə təqdim edir. Bu zaman hər iki vergiödəyicisi üçün ƏDV tutulan əməliyyatın vaxtı aktivlərin barter edildiyi vaxt, yəni mart ayı hesab edilir.

Vergiödəyicisi aktivlərini əvəzsiz olaraq təqdim etdiyi zaman həmin aktivlərin bazar qiyməti ilə dəyəri əvəzsiz təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsinə daxil edilərək vergiyə cəlb olunur.

Tələb hüququ güzəşt edildikdə isə güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtıdır.

Vergi Məcəlləsinin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə isə ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergiödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların alıcısı tərəfindən malları təqdim edən vergiödəyicisinə borc verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

• mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;

• mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

Misal 3: "A" MMC 2020-ci il yanvarın 25-də "B" MMC-yə dəyəri 10 min manat olan avadanlıq təqdim edir. "A" MMC 2020-ci ilin mart ayında yaranmış maliyyə çatışmazlığı ilə bağlı ticarət tərəfdaşı olan "B" MMC-yə müraciət edərək 15 min manat borc alır. "B" MMC tərəfindən borc verilən vaxtadək "A" MMC-dən yanvar ayında alınmış avadanlığın dəyəri ödənilməmişdir. Bu zaman, "A" MMC üçün yanvar ayında satılmış avadanlığa görə ƏDV tutulan əməliyyatın vaxtı "B" MMC-dən borcun alındığı vaxt, yəni 2020-ci ilin mart ayı hesab edilir.

ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Misal 4: "A" MMC 2020-ci il yanvarın 10-da ƏDV daxil olmaqla dəyəri 11 min 800 manat olan məişət mallarını "B" MMC-yə satıb və müvafiq olaraq elektron qaimə-faktura təqdim edib. "B" MMC alınan malların dəyərinin 5900 manat olan hissəsini mart ayında, qalan hissəsini isə aprel ayında "A" MMC-nin hesabına ödəyib. Bu halda "A" MMC üçün ƏDV tutulan əməliyyatın vaxtı ödəmələrin aparıldığı vaxt, yəni ödənişin mart ayına düşən hissəsi üzrə mart ayı, aprel ayına düşən hissəsi üzrə isə aprel ayı hesab olunur.

Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.