"Bild": Dünya İranın intiqamından qorxur
08.01.2020
Yanvarın 11-də Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
Xəbər verildiyi kimi, Almaniyanın "Bild” nəşri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putinin görüşündə müzakirə olunacaq məsələlər barədə yazıb.
Bildirilib ki, əvvəlcə görüşün Ukraynadakı münaqişəyə və Liviyadakı böhrana həsr olunacağı düşünülürdü. Lakin iranlı general Qasım Süleeymaninin öldürülməsindən sonra Merkelin Moskva səfərinin tamamilə yeni bir xarakter alacağı gözlənilir.
"Dünyada İranın intiqamından böyük qorxu var”, - deyə "Bild” yazıb.
Həmçinin, qeyd olunub ki, Qərb general Süleymaninin ölümündən sonra Rusiyanın İraqda yaranan vəziyyətdən faydalana biləcəyindən və Bağdaddakı təsirini artırmasından qorxur.
Avropa Parlamentinin üzvü Elmar Brok deyib ki, Moskvanı hərbi cəhətdən ABŞ-İran qarşıdurmasından uzaq tutmaq lazımdır.
"Bu zaman İran İraqdakı vəziyyəti gərginləşdirməyə davam edə bilməz”, - deyə E.Brok bildirib.
Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Norbert Röttgenin fikrincə, Rusiya lideri V.Putin İran rəhbərliyinə təsir edir:
"Rusiyanı inandırmaq lazımdır ki, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atılmasın. Rusiya Yaxın Şərqdə gücə çevrildikdən sonra tənzimləyici qüvvə kimi prosesə cəlb olunmalıdır”.