Bu ölkədə cinayətkarlıq bir ildə 9,5 faiz artıb
06.01.2020
Ötən ilin 11 ayında Gürcüstanda 58 min 700 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hesabat dövründə qeydə alınmış cinayətlərin 20,5 mininin üstü açılıb. 2018-ci ilin 11 ayında isə bu rəqəm 18,5 min olub.
Keçən ilin yanvar-noyabr aylarında baş vermiş cinayətlərin 40 faizi şəxsi mülkiyyətlə bağlı olub ki, bunların da yarısı oğurluq faktıdır. 2019-cu il yanvarın 1-dən noyabrın 30-dək 18 min 300 oğurluq faktı qeydə alınıb və onlardan yalnız 19,6 faizinin üstü açılıb.
Hesabat dövründə ikinci ən çox cinayətkarlıq faktı narkotiklərlə əlaqədar olub. Törədilən cinayətlər sırasında ailə zorakılığı da qabaqcıl yerlərdədir - 4500 fakt.
Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində 2800 avtomobil qəzası qeydə alınıb və nəticədə 328 nəfər həyatını itirib.
Ötən ilin 9 ayında Gürcüstanda rüşvətxorluğa qarşı mübarizə sahəsində 54 cinayət işi başlanılıb.
Keçən il kompüter cinayətləri 53,28 faiz, iqtisadi fəaliyyətə qarşı cinayətlər 46,08 faiz, narkotik cinayətləri 54,08 faiz, insan hüquq və azadlıqlarına qarşı cinayətlər isə 12,64 faiz artıb.