Bir ildə 968 km metro xətti
05.01.2020
Ötən il Çinin materik hissəsində rekord uzunluqda - 968 kilometr metro xətti çəkilib.
Çin Metrolar Assosiasiyası xəbər verir ki, hazırda Honkonq və Makao xüsusi inzibati bölgələri, Tayvan adası istisna olmaqla, Çinin materik hissəsinin 40 şəhərindəki yeraltı dəmir yolu nəqliyyatı şəbəkəsinin ümumi uzunluğu 6730 kilometrə çatıb. Həmin şəhərlərdə metro əsas ictimai nəqliyyat növüdür.
Assosiasiyasının hesabatına əsasən, Şanxay, Pekin, Quancou, Çendu və Nankin metro xətlərinin uzunluğuna görə ilk beşlikdədir. Çinin ali iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyasının təsdiqlədiyi plana uyğun olaraq, cari il Cıncou, Sian və Çendu şəhərlərində ümumi investisiya dəyəri 342,58 milyard yuan (təxminən 48,9 milyard ABŞ dolları) olan yeni metro layihələri icra ediləcək.
Qeyd edək ki, hazırda şəhər metro xətlərinin uzunluğuna görə dünyada ilk 3 yer Çinə məxsusdur. Bundan başqa, dünyada ən uzun 15 şəhər metro şəbəkəsinin 8-i Çindədir. Ölkənin iqtisadi və maliyyə mərkəzi Şanxay 420-dən çox stansiyanı birləşdirən 705 kilometrlik şəbəkəsi ilə dünyada ən uzun metro xəttinə sahib olan şəhərdir. Daşınan sərnişinlərin sayına görə dünyada ilk yeri tutan paytaxt Pekinin metro şəbəkəsinin ümumi uzunluğu təxminən 700 kilometrə yaxındır.