“Rıjiy Tofiq” TUTULDU
03.01.2020
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, "Rıjiy Tofiq” adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” konstruksiyalı atəşə yararlı tapança, həmin silaha məxsus 1 ədəd daraq, 5 ədəd patron və ümumi çəkisi 0,529 qram olan 1 büküm heroin aşkar edilərək götürülüb.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.