Hərbi qüvvə - göndəriləcək
03.01.2020
Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də növbədənkənar iclas keçirib.
Parlament Prezident Administrasiyasının Liviya hökumətinə yardım məqsədilə bu ölkəyə hərbi qüvvə göndərilməsi üçün təqdim etdiyi təkliflər paketini müzakirə edib. Uzun müzakirədən sonra təkliflər səsə qoyulub. Səsvermədə iştirak edən deputatlardan 325 nəfəri təkliflər paketinin lehinə səs verib.
Beş maddədən ibarət təkliflər paketində Liviyada nizami ordu yaradılması prosesində lazımi təlim və məsləhət xidməti vermək, Türkiyənin milli mənfəətlərinə təhdid vəziyyətində lazımi tədbirlər görmək, ölkədəki qeyri-qanuni silahlı qruplar və terror təşkilatları tərəfindən Türkiyənin mənfəətlərinə yönələ biləcək hücumların qarşısını almaq, Liviya xalqına humanitar yardım çatdırmaq, Liviya Milli Keçid Hökumətinin müraciət etdiyi hərbi dəstəyi təmin etmək kimi məqamlar əksini tapıb.
Qeyd edək ki, Liviya Milli Keçid Hökuməti Türkiyəyə hərbi yardım üçün müraciət edib.