Bu gün onların peşə bayramıdır
29.12.2019
Bu gün "ASAN xidmət” işçilərinin peşə bayramıdır
Bu gün "ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk "ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə "ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, yeddi il əvvəl fəaliyyətə başlayan "ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.
Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi "ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. "ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.
Bu il "ASAN xidmət” mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Hazırda ölkəmizdə 16 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Yaxın zamanlarda Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev 2019-cu il 5 aprel tarixində Bakıda iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin sərəncamları ilə "ASAN xidmət”in funksiyaları ilbəil genişləndirilir. "Azərişıq”, "Azərsu” və "Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu "ASAN Kommunal”, eləcə də "ASAN Viza”, "ABAD” mərkəzləri bu sıradandır.
Bu ilin may ayında "ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və "ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır. Tətbiq üzərindən 90 minə yaxın müraciət qeydə alınıb.
"ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi yeddi il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. Hazırda 21 mindən çox könüllü "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir. Onlar 550-dən çox fərqli layihələr həyata keçirib, 2500-dən çox təlim və treninqlərə cəlb ediliblər. 1000-dən çox könüllü "ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Mərkəzlərdə dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. İndiyədək "ASAN xidmət” mərkəzlərində 35 milyondan çox müraciət qeydə alınıb. Bir vətəndaş üzrə orta müraciət sayı 5-ə bərabər olub. Bu il ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.
"ASAN xidmət” bir səyyar qatar və on səyyar avtobusa malikdir.
Bu il beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli layihələrə imza atılıb. İyunun 24-dən 26-dək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Foruma dünyanın 100-dən çox ölkəsindən 800-dən çox nümayəndə qatılıb. Forumun ölkəmizdə keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, "ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Tədbir çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Bununla yanaşı, forum zamanı Azərbaycanın təşəbbüsü ilə ölkələrin hüquqi xidmətlər göstərən dövlət orqanlarının bir assosiasiyasının yaradılması irəli sürülüb. Bu təşəbbüsə Azərbaycan da daxil olmaqla 8 ölkə qoşulub. Nəticədə dövlət xidmətləri göstərən dövlət qurumlarının ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Niyyət Protokolu imzalanıb. ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsini Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.
2019-cu il dövlət xidmətlərinin elektronlaşması sahəsində də əlamətdar olub. İyunun 1-dən etibarən "myGov” portalı vətəndaşların istifadəsində verilib. "Qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir. Portaldan artıq 40 minə yaxın vətəndaş istifadə edir. Portal üzərindən bir çox xidmətlər vətəndaşlara proaktiv formada təqdim edilir. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün "Elektron etibarnamə”lərin portal üzərindən əldə edilməsinə imkan yaradılıb.