YAP-ın daha bir namizədi - ilahiyyatçı Ceyhun Məmmədov
28.12.2019
9 fevral 2020-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən irəli sürdüyünə və yüksək etimad göstərdiyinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Xəbər verildiyi kimi, bu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, seçicilərin səsini qazanacağı təqdirdə üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq:
"İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası növbəti illərdə də böyük uğurlara imza ataraq ölkəmizin inkişaf və tərəqqisinə böyük töhfələr verəcək. Bu şərəfli və məsuliyyətli işdə bütün namizədlərə uğurlar arzulayıram”.
Qeyd edək ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib. 1991-1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda, 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili alıb. 2000-2002-ci illərdə Xəzər Universitetində ərəb dili üzrə magistr dərəcəsinə yiyələnib.