21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin təsis etdiyi müsabiqəyə qeydiyyat başladı

27.12.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə dekabrın 27-dən etibarən başlanılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında müsabiqənin təşkilat komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təşkilat komitəsinin üvləri - Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, işçi qrupunun rəhbəri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Konfransı açıq elan edən Fərəh Əliyeva bu müsabiqənin Azərbaycanda yeni nəsil idarəçilərinin axtarışı üçün təşkil edildiyini bildirib:
"İdarəçilik vərdişləri olan, öz potensialına güvənənləri bu müsabiqəyə dəvət edirik".
Gənclər və İdman naziri Azad Rəhimov da çıxışında son 6 ay ərzində işçi qrupunun bu layihə üzərində çalışdığını deyib:
"Dünya təcrübəsi ilə tanış olmuşuq. Bu layihə ölkənin gəncləri və gələcəyi üçün çox önəmlidir. Hər bir gəncin qatılması bizim üçün vacibdir".
DİM sədri Məleykə Abbaszadə də bunun ölkəmizdə tarixi layihə olacağını olacağını vurğulayıb:
"Çünki bu sahədə ilk addımdır. 20 il ərzində ölkədə müxtəlif seçimlər aparmışıq. Bu müsabiqənin digərlərindən fərqi odur ki, burada iştirakçıların psixi durumu, bacarıq və potensialını yoxlamaq imkanımız olacaq".
Qeyd olunub ki, "Yüksəliş” müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir.
Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s. idarə olunması nəzərdə tutulur.
Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.
Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində "Şəxsi Kabinet" yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək.
Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər və qabiliyyət testləri formatında keçiriləcək.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti şəxsi kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.
Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.
Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar idarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra idarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.
Mətbuat konfransında qeyd olunub ki, iştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarəedilməsi, sosial məsuliyyət kimi kompetensiyaları qiymətləndiriləcək.