BQXK-dən Dilqəm və Şahbaza ailəsinin baş çəkəcəyi ilə bağlı AÇIQLAMA
26.12.2019
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BQXK-nın Bakı nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur.
"Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasında dəstək göstərməyə hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, həmin şəxslərin saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, danışıqlar artıq yekunlaşmaq üzrədir.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.