Bəs Türkiyə İncirliyi bağlayırdı? - ŞƏRH
26.12.2019
Türkiyə Prezidenti 15 dekabrda bildirmişdi ki, lazım gələrsə, ABŞ-ın yararlandığı İncirlik hərbi bazasını bağlayacaq. Lakin indi məlum olub ki, Pentaqon İncirlik aviabazasında təmir-tikinti işləri aparmaq üçün 8 Türkiyə şirkəti ilə 95 milyon dollarlıq müqavilə imzalayıb.
Bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, müqaviləyə görə işlər 2024-cü ildə başa çatmalıdır:
"Bundan başqa, ABŞ hökuməti Adana şəhərində (İncirlik bu vilayətin ərazisindədir) yeni Baş Konsulluq binasının tikintisi üçün tender elan edib.
Yəni nə Türkiyə amerikalıları öz torpaqlarından çıxarır, nə də amerikalılar oradan çıxır. ABŞ-ın Aralıq dənizi və Orta Şərq regionlarındakı maraqları baxımından İncirlik önəmlidir”.
Politoloq rəsmi Ankaranın maraqları haqqında da danışıb:
"Türkiyənin isə marağı bundan ibarətdir ki, son vaxtlar Yunanıstanda hərbi mövcudluğunu artıran, Aralıq dənizində ərazi suları və enerji məsələləri ilə bağlı mübahisələrdə yunan tərəfini dəstəkləməyə meyillənən (Konqres xətti) Vaşinqtonu öz siyasətini təkrar balanslaşdırmağa yönəltsin. Eyni zamanda, ABŞ-la münasibətlərdə böhranın dərinləşməsi kövrək Türkiyə iqtisadiyyatına sarsıdıcı təsir göstərə bilər ki, bu da Ankaraya lazım deyil”.
Ş.Cəfərlinin sözlərinə görə, böyük ehtimalla önümüzdəki dönəmdə S-400 məsələsi də hansısa şəkildə çözüləcək və Türkiyə F-35 təyyarələrini alacaq:
"Çünki hərbi aviaparkının köhnəldiyi və alternativin də hələ ki olmadığı şəraitdə Türkiyənin istehsalında yer aldığı halda F-35-dən imtinası ciddi xəta olardı. Bu təyyarələr Türkiyəyə həm bölgənin ən böyük hava gücünə (İsraillə bərabər) çevrilməyə, həm də 2021-ci ildə hazır olacaq 232 metrlik "TCG Anadolu” desant gəmisini kiçik aviadaşıyıcı kimi istifadə etməyə imkan verəcək”.