21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Bakı Metropoliteni”ndən Yeni il sürprizi

26.12.2019

Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.
Xəbər verildiyi kimi, qurumdan verilən məlumata görə, 2020-ci ilə sayılı günlər qaldığı bir vaxtda metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. Sərnişin axınının sıx olduğu "İçərişəhər”, "28 May”, "Elmlər Akademiyası”, "Koroğlu” və "Avtovağzal” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.
Həmçinin Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək "A” və "Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış "E” tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.
Bildirilib ki, Bakı metropoliteni daha bir ənənəsinə sadiq qalacaq. Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək.
"İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.
Yeni il şənliyi iki gün – dekabrın 29 və 30-da keçiriləcək.
Bu iki gün ərzində "İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.
Yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert prqramına da yenilik gətiriləcək. Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış "Şaqan” instrumental ansamblı canlı musiqi ilə "28 May”, "Sahil” və "İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.
Bu il "Bakı Metropoliteni" QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edəcək. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.