Dopler radarlar quraşdırılacaq
25.12.2019
Hazırda Azərbaycana gətirilən ABŞ istehsalı olan iki dopler radarın quraşdırılması işləri aparılır. Onlardan biri Şamaxıda, digəri isə Göygöl ərazisində quraşdırılacaq.
Avadanlıqlar istifadəyə verilməmişdən öncə mütəxəssislər üçün bir aylıq təlimlər təşkil olunacaq. Radarların istismara verilməsi gələn ilin birinci rübündə nəzərdə tutulur.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 25-də keçirdiyi brifinqdə deyib.
U.Tağıyeva qeyd edib ki, dövlət investisiyası çərçivəsində növbəti illərdə Şəkidə də daha bir radarın quraşdırılması mümkün olacaq: "Radarların radiusu kifayət qədər genişdir və onların vasitəsilə hava haqqında məlumatlar operativ şəkildə gün ərzində tez-tez yenilənəcək. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların alınması prosesi 2023-cü ilədək davam edəcək".