Rəhimov yoxsa, Paşayeva?
25.12.2019
Tanınmış hüquq professoru İlham Rəhimov bu dəqiqəyə qədər nə 105 saylı Tovuz, nə də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə parlament seçkilərində namizədlik üçün müraciət edib.
Xəbər verildiyi kimi, bu sözləri sözügedən dairələrdəki mənbələr bildiriblər. Mənbənin sözlərinə görə, İlham Rəhimovun 105 saylı Tovuz seçki dairəsindən namizədliyini irəli sürəcəyi ehtimalı daha realdır.
"Çünki İlham Rəhimovun kəndi və qohum-əqrəbası 105 saylı Tovuz seçki dairəsinin ərazisindədir. Ona görə tanınmış hüquq professorunun 105 saylı dairədən namizəd olacağı gözləniləndir. Ancaq ehtimal edilir ki, Qənirə Paşayeva kimi tanınmış və rayon sakinlərinin böyük rəğbəti olan bir şəxslə rəqib olmamaq üçün 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə müraciət etsin”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar ehtimallardır, fakt isə odur ki, İ.Rəhimov namizədlik üçün hələ müraciət etməyib.
Qeyd edək ki, Tovuz rayonunun 100-dən çox ziyalısı İlham Rəhimova müraciət edərək, deputat seçkilərinə qatılmasını istəyib. Bundan sonra İ.Rəhimovun 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayevaya rəqib olacağı barədə ehtimallar ortaya çıxıb. Bu gün isə qeyri-rəsmi olaraq İ.Rəhimovun Q.Paşayevaya rəqib olmamaq üçün 106 saylı dairədən namizədliyini irəli sürəcəyi versiyası hallandırılmaqdadır.
Q.Paşayeva artıq 105 saylı Tovuz seçki dairəsindən namizədliyini irəli sürüb.