Nazir: Şənbə və bazar günü dərs olacaq
24.12.2019
Təhsil naziri Ceyhun Bayramov Yeni il bayramı ərəfəsində orta məktəblərdə dərslərin hansı günlərdə keçiriləcəyini açıqlayıb.
Xəbər verildiyi kimi, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq.
Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.
Xatırladaq ki, dekabrın 5-də Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.