Bakıya yeni aviareys açılır
24.12.2019
Yanvarın 15-dən etibarən Rusiyanın Kurumoç Beynəlxalq Hava Limanının cədvəlinə Samara-Bakı marşrutu üzrə uçuş əlavə olunacaq.
Bu barədə "Samara QİS” portalı hava limanının mətbuat xidmətinə istinadla məlumat verib.
"Unikal memarlıq, unudulmaz milli mətbəx və ənənəvi cənub qonaqpərvərliyi - Yeni il tətillərindən dərhal sonra Samara sakinləri cəmi bir neçə saat ərzində Azərbaycanın paytaxtında olmaq imkanı qazanacaqlar”, - deyə Kurumoç nümayəndələri bəyan edib.
Uçuş "İrAero” aviaşirkəti tərəfindən həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.
Samaradan uçuş vaxtı 01:20, Bakıdan - 04:10-da (yerli vaxt) nəzərdə tutulub.
Uçuş "Sukhoi Superjet 100” təyyarələri ilə mümkün olacaq.
Bilet qiyməti baqajla birlikdə 8694 rubldan (237 AZN) başlayır. Uçuş müddəti - bir saat əlli dəqiqə olacaq.
Oktyabr ayında Kurumoç aeroportu dünyanın yüz ən dəqiq hava limanı siyahısına daxil edilib. Böyük Britaniyadan olan "OAG” beynəlxalq analitik agentliyinin hesabatına görə, Samara Hava Limanı ötən ayın yekunlarına görə reytinqdə 21-ci yeri tutub.