Seçici fəallığı: İlkin nəticələr
23.12.2019
Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 10:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.
Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 8,51 faizinin, yaxud 423 min 361 nəfərinin səs verdiyini bildirib.
Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib.
Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub.
Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara bilərlər.
Gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar açıqlanacaq. Saat 19:00-da məntəqələr bağlı elan olunacaq. Bundan sonra bütün məntəqlərdə səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq.