İcra başçısının həbsinə reaksiya
20.12.2019
Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Cahangir oğlu Tatarov rüşvət alarkən həbs ediliblər. Belə xəbərlərə heç vaxt sevinməmişdim. Bu dəfə sevindim, ona görə ki, bu faktın özü hakimiyyətin müsbət dəyişiklik etməsinə ciddi bir işarədir.
Bu sözləri hüquqşünas Aslan İsmayılov qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edəndə qanun pozuntusuna yol verənlərin ciddi cəzalanacaqlarını vurğulamışdı:
"Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır.
İkinci səbəb daha maraqlı və bir az da şəxsidir. Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə "Qağa, mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəisinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən? Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov, başçılar dəyişsə də, uzun illərdir ki, faktiki rayonu tək idarə edirdi. Onun necə rüşvətxor, harının biri olduğunu hamı kimi mən də bilirdim”.