Prezidentdən Yusifzadə və Süleymanova ilə bağlı - SƏRƏNCAM
19.12.2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8,0 (səkkiz) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elmira Süleymanovanın 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857; 2013, № 10, maddə 1154, № 11, maddə 1331; 2019, № 7, maddə 1232) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.12-4 – 8.12-7-ci bəndlər əlavə edilsin:
"8.12-4. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə fiziki şəxslərə (ekspertlərə) ixtisas attestatı vermək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda attestatın qüvvədəolma müddətini dayandırmaq və ya ona xitam vermək;
8.12-5. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin (ekspert təşkilatlarının) reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
8.12-6. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;
8.12-7. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurası yaratmaq;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 854 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.83-1-ci yarımbənd əlavə edilsin:
"3.0.83-1. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.36-1-ci yarımbənd əlavə edilsin:
"3.1.36-1. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235; 2014, № 9, maddə 1027; 2017, № 3, maddə 353; 2018, № 9, maddə 1839; 2019, № 3, maddə 410) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 3.0.20-10–3.0.20-12-ci yarımbəndləri müvafiq olaraq 3.1.20-10–3.1.20-12-ci yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 3.1.20-13-cü yarımbənd əlavə edilsin:
"3.1.20-13. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.