Qırğızlarla taciklər arasında sərhəddə kütləvi dava
18.12.2019
Qırğızıstanla Tacikistanın sərhədində kütləvi dava baş verib.
Məlumatı Qırğızıstan Dövlət Sərhəd Xidməti yayıb.
"Bu səhər saat 09:30-da (Bakı vaxtı ilə 07:30) Koş-Tak kəndində Qırğızıstan və Tacikistan vətəndaşları arasında münaqişə baş verib. Təxminən 80 Qırğızıstan və 100 Tacikistan vətəndaşı bir-birlərini daş-qalaq edib”, - qurumun mətbuat xidməti bildirib.
Hadisə yerinə sərhəd xidməti nümayəndələri, vilayət administrasiyaları və hər iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək tərəfləri sakitləşdirib. İlkin məlumata əsasən, hadisəyə səbəb bir gün öncə qırğız vətəndaşının taciklər tərəfindən döyülməsi olub.
Qeyd edək ki, delimitasiya olunmamış ərazilər səbəbindən Qırğızıstan-Tacikistan sərhədində tez-tez münaqişələr baş verir.