Prezidentdən Rzayevə: Bununla bağlı nə deyə bilərsiniz?
16.12.2019
Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır.
Bunu Prezident İlham Əliyev "Azərenerji” ASC-nin prezidenti Baba Rzayevi qəbul edərkən deyib:
"Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, "Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?"
B.Rzayev də öz növbəsində dövlət başçısının sualını cavablandırıb: "Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir".