Bu zorakılığa görə cinayət işi başlana bilər
09.12.2019
Hər iki uşağın bədənindəki xəsarətlərin dərəcəsi müəyyənləşdirildikdən sonra həm analığa, həm də ataya qarşı cinayət işi başlana bilər.
Xəbər verildiyi kimi, bu sözləri hüquqşünas Səməd Vəkilov doğma ataları və analıqları tərəfindən şiddətə və zorakılığa məruz qalan azyaşlı qardaşlar Qulu və Hüseyn haqda danışarkən deyib.
S.Vəkilov bildirib ki, uşaqlara işgəncə verən analıq və doğma atanın psixi durumu diqqətə alınmalı və öyrənilməlidir:
"Analığın və ya doğma atanın ola bilər ki, psixi durumları yerində deyil. Bundan əlavə, hər iki uşağın bədənindəki xəsarətlərin dərəcəsi müəyyənləşdirilməlidir. Həm analığa, həm də ataya qarşı bu zorakılığa görə cinayət işi başlana bilər. Analıq və doğma ataya verilən məsuliyyətin dərəcəsi ekspertin müəyyən etdiyi xəsarətin dərəcəsi ilə müəyyən olunacaq”.
Hüquqşünas bildirib ki, ata valideynlik hüququndan məhrum edilə bilər:
"Həm analığın, həm də atanın psixi durumunun yerində olmadığı müəyyən edilsə, uşaqlar onların himayəsindən alınacaq və ata da valideynlik hüququndan məhrum ediləcək. Analığın onsuz da valideynlik hüququ yoxdur. Ata valideynlik hüququndan məhrum edilməklə yanaşı, həm də aliment də ödəyəcək. Uşaqlar isə yaxın qohumlarından kiməsə, nənə və ya babanın himayəsinə verilə bilər. Atadan tutulan aliment uşaqlar kimin himayəsindədirsə, o şəxsə ödəniləcək”.
Qeyd edək ki, Bakının Zabrat qəsəbəsində yaşayan Xaqani Kazımov və onun ikinci dəfə ailə qurduğu Nuranə adlı xanımın birincinin azyaşlı övladları Qulu və Hüseynə qarşı dəhşətli işgəncələr verməsi barədə məlumat yayılıb.