Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq - FOTO
09.12.2019
BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı birgə layihəsi icra olunur. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ölkəmizdə Fəal Yaşlanma İndeksinin hazırlanması da nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Fəal Yaşlanma İndeksi yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədinə xidmət edir.
Həmin İndeksin hazırlanması ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
A.Zaidi Fəal Yaşlanma İndeksi haqqında ətraflı məlumat verib. O, Avropa və Cənub-Şərqi Asiyanın 35 ölkəsində fəal yaşlanma indeksinin tətbiq edildiyini bildirib. Azərbaycanın Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkə olduğunu vurğulayıb.
A.Zaidi Fəal Yaşlanma İndeksinin üstünlüklərini qeyd edib. Bildirilib ki, bu indeksə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edə bilir. Nəticədə hansı spesifik sahələrin təkmilləşdirilməsi zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsinin müəyyən edilməsi imkanına malik olurlar.
Görüşdə İndeksin hazırlanması məsələlərinə dair müzakirələr aparılıb.