Qışın ətək dəbinə "nostalji səyahət"
07.12.2019
Soyuq havalarda şalvardan savayı heç nə geyinmək istəmirsinizsə, mövsümün ətək trendləri ilə tanış olmağa dəyər. Bizi maraqlı və göz oxşayan dəb cərəyanları ilə təəccübləndirməyə davam edən, ildırım sürəti ilə dəyişən dəb dünyası 2020-ci ilin qış tendensiyalarında da öz gücünü nümayiş etdirib.
Bu mövsümün moda trendlərinə "nostalji səyahət" deyə bilərik! Yalnız 70 və 80-ci illərin deyil, keçmişin bir çox klassik dəb tendensiyaları yenidən yenilənir. Dizaynerlər qış mövsümündə maksi və midi fasonlardan tutmuş mini ətəklərə qədər bir çox çeşid təklif edir. Tünd və torpaq tonları xüsusilə seçilir, lakin məftunedici rənglərin sehrli təsirini unutmaq olmaz.
Təmtəraqlı ətəklər
Retro dəbin naxış və lələk elementləri yubkalarda özünü göstərəcək. Axşam dəbdəbəsi və romantikasını gündəlik stilə qata biləcəyiniz maraqlı kombinələrə hazır olun. Diqqəti üzərinizə toplayan təmtəraqlı ətəkləri gündüzlər də rahatlıqla istifadə etmək mümkün olacaq.
Dəri ətəklər
Üsyankar stil yaratmaq üçün dəri yubkaların midi və mini versiyaları idealdır. Qələm fasonlar ofis, mini modellər isə ziyafət və tədbirlər üçün idealdır.
Qısa ətəklər
70-80-ci illərin moda trendlərinin geri dönüşü yubkalarda da özünü göstərir. Xüsusi ilə bel hissəsi düz, aşağı hissəsi qırçın və volanı olan yubkalar ayaqların gözəlliyini ön plana çıxaracaq. Xüsusi qeyd etmək lazımdır ki, qısa ətəklər mövsümün digər rəngli və işləməli kolqotqa tendensiyası ilə mükəmməl tandem yaradır. Kolqotqalar sayəsində əyləncəli dəstlər yarada bilərsiniz.
Məktəbli yubkası
Dama-dama yubkalar məktəb illəri ilə bağlı xatirələrə və həsrətə son qoyacaq. Məktəb illərində bəlkə də nifrət etdiyiniz modellər mövsümün trendidir. Onların həm qırçınlı, qələm, həm də anvelop fasonları eyni dərəcədə aktualdır.
Trikotaj dəbi
Trikotaj yubkalardan yan keçmək mümkün olmayacaq, dəbdə olmaqdan əlavə, qalın material sizi üşüməyə qoymayacaq. Dəbli bej yubkaların qəhvəyi uzunboğaz çəkmələrlə ideal vəhdəti sayəsində hər kəsi özünüzə heyran qoya biləcəksiniz.
Güllü ətəklər
Güllü parçalar öz hakimiyyətini qışda da davam etdirir. Güllü donlarla yanaşı, yubkalar da olduqca aktualdır. Lakin yaydan fərqli olaraq güllərin al-əlvan versiyaları deyil, daha solğun və tutqun olmasına diqqət edin. Floral naxışları bol kəsimli sviterlə uyğunlaşdırıb stilinizə romantika qatın.
Qırçınlı ətəklər
Klassik qırçınlı yubkaları dizaynerləri hər il fərqli formalarda təqdim edir. Bu mövsüm qarşımıza çıxan qeyri-simmetrik və anvelop variantlar qışın darıxdırıcı havasını uzaqlaşdıraraq obraza dinamik görüntü bəxş edir. Belə ətəkləri uzunboğaz çəkmələrlə birləşdirib gözlənilməz kombinələrlə fərdiliyinizi nümayiş etdirmək imkanınız olduqca genişdir.