Prezident İlham Əliyev 4 sərəncam İMZALADI
05.12.2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin təşviqi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
1.2. Komissiyaya tapşırılsın:
1.2.1. layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.2. investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.3. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etsin;
1.2.4. layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsün;
1.2.5. layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.