Ərdoğan coşdu: Atatürk “sizə ölməyi əmr edirəm” deyəndə...
06.05.2018
1071-ci ildə Malazgird zəfərindən sonra bu torpaqlar bizə yurd oldu. Bizi biz etdi. Bizim dövlətimiz Söyütdə çadırlarda quruldu. Dədəm Osman Qazinin yuxusu həqiqət oldu. Dövlətimiz ədalət sevdası ilə böyüdü.
"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bursa və Ədirnədə zamana kök saldı. İstanbulda yeni bir çağın qapısını açan müjdələnmiş ordu bizim ordumuz idi. Sultan Fateh bizim cəddimiz idi. Süleymaniyyənin qübbələrində bizim təkbirlərimiz əks-səda verdi. Qüdsü alan Səlahəddin Əyyubi biz idik. Qanla alınan torpaq pulla satılmaz deyən Əbdülhəmid biz idik. Çanaqqalada bütün dünyaya meydan oxuyan, canını verən, amma düşməni buraxmayan biz idik. Kürəyindəki top mərmisi ilə qəhrəmanlıq dastanı yazan Səid onbaşı biz idik. Qazi Mustafa Kamal Atatürk "sizə ölməyi əmr edirəm” deyəndə ox kimi sipərlərindən çıxan aslanlar biz idik. Maraşda Südçü İman, İzmirdə Həsən Tahsin, Ərzurumda Nənə Xatun, Antepdə Şahin bəy biz idik. Bu yurdum namusunu işğalçılara tapdalatmayan biz idik. 1920-ci ildə məclisimizi açarkən dualar edən bizim əllərimiz, bizim qəlbimiz idi. 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyində dövlətimizin idarə formasını cümhuriyyət olaraq elan edən bizim iradəmiz idi”, - Ərdoğan bildirib.