Azərbaycanlı jurnalist şəxsi təyyarə sahibidir
02.12.2019
Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə "Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir.
Axar.az xəbər verir ki, bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan "VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.
KMF təyyarənin hazırkı dəyərinin 60 milyon dollar olduğunu və onun Əsgərzadəyə icarəyə verildiyini, uçuş saatı üçün kirayəsinin 559 min rubl olduğumi qeyd edib. 2019-ci ildə təxminən 51,5 saat davam 16 uçuş həyata keçirildiyi və bunun üçün aylıq 28,9 milyon rubl ödənildiyi də vurğulanıb.
Fond, həmçinin, Əsgərzadənin 62 milyon dollar dəyərində olan "SEA&US” yaxtasına da sahib olduğunu bildirib.
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını və onu şərh edə bilməyəcəklərini söyləyib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Əsgərzadə ilə Kostin arasında sevgi münasibəti olduğunu açıqlasa da, tərəflər bunu təsdiqləməmişdi.
Bir neçə ay əvvəl Nailə Əsgərzadənin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahib olması barədə də məlumat yayılmışdı.
"Proekt.media” saytı ərazinin ümumi dəyərinin 45 milyon dollar olduğunu yazmışdı.