Deputatlığa namizədlərin qeydiyyatı BAŞLADI
01.12.2019
Bu gün İranda 11-ci çağırış deputatlığa namizədlərin qeydiyyata alınmasına başlanıb.
Deputatlığa namizədlər ölkənin Daxili İşlər Nazirliyində və ölkənin müxtəlif bölgələrində 208 qeydiyyat mərkəzində, ölkədən kənarda isə səfirlik və konsulluqlarda yaradılan qeydiyyat mərkəzlərində qeydiyyata alına bilərlər.
Namizədlərin qeydiyyata alınması prosesinin 7 gün ərzində həyata keçirilməsi və bu prosesin dekabrın 7-də başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, İranda parlament seçkiləri 4 ildən bir keçirilir. 11-ci çağırış parlamentə seçkilər 2020-ci il fevralın 21-də baş tutacaq. 290 deputatın olduğu İran parlamentində deputatların sayının 10 nəfər artırılması haqqında məsələ müzakirə edilir.
İranın siyasi spektri faktiki olaraq, 3 düşərgədən - islahatçılar, mühafizəkarlar və İran ruhanilərinin həm mühafizəkar, həm də islahatçılar qanadının mötədil tərəfdarlarından ibarətdir.
İranda seçkilərdə iştirak etmək hüququna malik 55 milyon nəfər var.