Qulu Məhərrəmli: “Fuad Poladov sübut etdi ki, şəxsiyyət nədir...”
05.05.2018
"O, heç kimə əyilmədi. Sübut etdi ki, insan qüruru, şəxsiyyəti nədir və hansı zirvədə dayana bilər”.
"Dövran Media" xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli xalq artisti Fuad Poladovun ölüm xəbərinə münasibət bildirərkən deyib. Q.Məhərrəmli bildirib ki, Fuad Poladov sübut etdi ki, insanlar istənilən davranışlarında yox deməyi bacarırlar:"Azərbaycan teatr və kino tarixində Fuad Poladovun xüsusi yeri var. Həm də vətəndaş kimi Azərbaycan cəmiyyətində o, ləyaqətli bir insan idi. Hesab edirəm ki, həm peşakar aktyor kimi, həm də ləyaqətli şəxsiyyət kimi tanınmaq cəmiyyətdə hər kəsə nəsib olmur. Fuad Poladovun həm sənət kriteriyaları, həm də ekranda yaratdığı obrazları öz şəxsində ifadə edən sənətkarlardan biridir. Ona görə də cəmiyyətdə onun çox böyük nüfuzu var idi. O, cəmiyyətə sübut etdi ki, insanlar istənilən davranışlarında yox deməyi bacarırlar. O, həm də aktyor peşəsinin daşıyıcısı kimi cəmiyyətdə ən yüksək mövqe tuta bilib. F.Poladov bizim Azərbaycan teatr tarixində həm bir yaradıcı insan kimi, həm də şəxsiyyət kimi parlaq iz qoyub. Bu xəbəri çox kədərlə qarşıladım. Əlaqələrimiz var idi, son günlərinə qədər hal-əhval tuturduq”.
Qulu Məhhərmli Fuad Poladovun "Qurda qapısı” qəbristanlığında dəfn olunmasına da münasibət bildirib:
"Mənə elə gəlir ki, kiminsə hardasa dəfn olunmağının önəmi yoxdur. Fuad Poladov xəstəliyi dövründə yaşamağı ilə də insanlara çox şeyi sübut etdi. Onun yaşadığı yer insanların ürəyidir. O, heç kimə əyilmədi. Sübut etdi ki, insan qüruru, şəxsiyyəti nədir və hansı zirvədə dayana bilər”.