Oktay Kaynarca: "Bakı getdiyimiz bir çox Avropa şəhərindən daha gözəldir"
29.11.2019
"Mən bilirəm ki, bizi sevənlər Türkiyədəki kimi burda da çoxdur. Azərbaycanın bizim üçün önəmi budur. Biz bunu oradan görürük, narahat olmayın".
Bunu jurnalistlərə açıqlamasında türkiyəli aktyor Oktay Kaynarca deyib.
Aktyor Azərbaycana üçüncü dəfə gəldiyini bildirib: "Yaşadığınız ölkənin qədrini bilin. Hətta öz-özümə dedim ki, bəlkə burada ev alım. Bakı çox gözəl şəhər olub, məncə, getdiyimiz bir çox Avropa şəhərlərindən daha gözəldir".
O.Kaynarca Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu vurğulayıb: "Hesab edirəm ki, gəlib-gedərkən pasport istifadə etməyə belə gərək yoxdur".
Aktyor iki ölkənin birlikdə çəkəcəyi layihədə iştirak etmək istədiyini qeyd edib: "Zaman-zaman təkliflər gəlir, sadəcə çəkilişlərə görə vaxtım yoxdur. Oynadığım rolların hamısı mənim üçün önəmlidir. İstər serialda, istərsə də filmdə çəkilmək gözəldir, əlimdən gəldiyi qədər ikisində də iştirak etməyə çalışıram".
O.Kaynarca bir müddət əvvəl vəfat edən aktyor Tarık Ünlüoğlu haqqında da fikirlərini bölüşüb: "Təəssüf ki, hazırda "Eşkiya dünyaya hökmdar olmaz" serialında onun yerini dolduracaq sənətçi yoxdur. Ancaq gənc aktyorlar yetişəcək və yeni Tarık Ünlüoğlular yaranacaq".
Sonra aktyor pərəstişkarları ilə görüş keçirib.